Keçid linkləri

2025, 18 İyun, çərşənbə, Bakı vaxtı 02:10

'Qırmızı Xaç' da Azərbaycandan gedir


Azərbaycanlı əsirin qaytarılması. 2010
Azərbaycanlı əsirin qaytarılması. 2010

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin yaxın vaxtlarda fəaliyyətini dayandıracağı gözlənir.

Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iyunun 17-də yayılan məlumatında bildirilir.

Vurğulanır ki, Komissiya (Azərbaycan Ermənistan münaqişəsi zamanı) əsir və girov götürülmüş vətəndaşların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı sahəsində BQXK-nın Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərib: "BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin fəaliyyətini yaxın vaxtlarda dayandırması ilə bağlı itkin düşmüş vətəndaşların ailələrinin diqqətinə çatdırırıq ki, itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən edilməsi üçün Dövlət Komissiyası və aidiyyəti dövlət qurumları tərəfindən təxirəsalınmaz zəruri tədbirlər görülür...".

Hələlik, bu məlumata BQXK-nın Azərbaycandakı nümayəndəliyindən münasibət almaq mümkün olmayıb.

Dövlət Komissiyasının məlumatına görə, Birinci Qarabağ müharibəsində onlardan 3 min 984 şəxs itkin düşüb. Həmin şəxslərdən 1 min 702-i azad edilib. Komissiya İkinci Qarabağ müharibəsində isə itkinlərin sayını cəmi altı açıqlayıb.

Ermənistan Nazirlər Kabinetinin hesabatına görə isə, Birinci Qarabağ müharibəsi nəticəsində onlardan 777 nəfər itkin düşüb. Rəsmi Yerevanin vurğulamasına görə, 2020-ci ildə yenidən münaqişə gərginləşəndən sonra itkin düşənlərdən 215 Ermənistan və Qarabağdan olan erməni əsilli şəxsin taleyi naməlum olaraq qalır.

Ötən əsrin 80-ci illərində kəskinləşən Qarabağ münaqişəsi üzündən Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalar baş verib. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla Azərbaycan bütün ərazisində suverenliyini bərpa edib. Ondan sonra bölgədən erməni əhali köç edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib, amma rəsmi Bakı bunu qəbul etməyib.

UNICEF də Azərbaycanı tərk edir: Hökumət ehtiyac yoxdur deyir, müxalifət razı deyil
Gözlə

No media source currently available

0:00 0:04:04 0:00

Xatırlatma

BQXK-nın Bakıdakı Nümayəndəliyi 1992-ci il martın 3-dən fəaliyyət göstərir, ondan iki həftə sonra Ağdam və Bərdə rayonlarında da ofisləri açılıb.

Qurumun özü Cenevrə şəhərində yerləşən humanitar təşkilatdır, 1863-cü ildə yaradılıb. 1949-cu il Cenevrə Konvensiyasını, onun ...Əlavə Protokollarının iştirakçısı olan dövlətlər BQXK-ya beynəlxalq və daxili silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandat veriblər.

Yerli saytların məlumatına görə, rəsmi Bakı hələ bu il martın əvvəlində BQXK-nın Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti haqda onlara bilgi verib. Habelə, Birləşmiş Millətlər Təşkilatının (BMT) dörd ofisinin - BMT İnkişaf Proqramı (UNDP), BMT Əhali Fondu (UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və BMT Uşaq Fondunun (UNICEF) Azərbaycanda ofislərinin bağlanması təklifi ilə çıxış edib.

Rəsmi Bakı hesab edir ki, "Azərbaycan artıq yardım qəbul edən dövlətdən qlobal gündəliyə töhfə verən bir ölkəyə çevrilib".

Artıq həmin nümayəndəliklərin bir çoxu ya Azərbaycanda fəaliyyətlərini dayandırıblar və yaxud dayandıracaqlarını açıqlayıblar.

Onlar bildiriblər ki, bundan sonra Azərbaycandakı tərəfdaşlarla əməkdaşlığı regional ofisləri və baş qərargahları vasitəsilə davam etdirəcəklər.

XS
SM
MD
LG