XİN: İrandakı səfirliyə 500-dək Azərbaycan vətəndaşının müraciəti daxil olub

Azərbaycanın Tehrandakı səfirliyi

İsrail-İran münaqişəsindən dolayı Azərbaycanın İsraildəki və İrandakı səfirliklərinə, habelə Təbrizdəki baş konsulluğunda yaradılmış qaynar xətlərə gələn müraciətlərə gündəlik əsasda baxılır. AZƏRTAC-ın xəbərinə görə, bunu iyunun 17-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib. O deyib ki, İsraildəki Azərbaycan vətəndaşları qonşu Misir və İordaniyaya yönləndirilir.

A.Hacızadənin sözlərinə görə, indiyə qədər İrandakı səfirliyə və baş konsulluğa ümumilikdə 500-dək Azərbaycan vətəndaşının müraciəti daxil olub, onlardan 60 nəfərdən çoxu sərhədi keçib. 51 ölkədən 1200-dən artıq müraciətin hazırda nəzərdən keçirildiyi, onların sərhəddən keçidinə müvafiq icazələrin təmin olunduğu bildirilir.

"İsraildə olan 34 nəfər vətəndaşımızın İordaniyaya keçidi üçün müvafiq tədbirlər görülüb", - XİN rəsmisi vurğulayıb.

Azərbaycanın İrandakı səfirliyinin ailə üzvləri ölkələrinə keçiblər

Azərbaycanın İrandakı səfirliyi əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ilkin olaraq ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhədindən keçidi təmin olunub.

AZƏRTAC-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib. Onun sözlərinə görə, İrandakı səfirlik və Təbriz şəhərindəki Baş konsulluq, habelə İsraildəki səfirlik Azərbaycan vətəndaşlarının qaynar xəttlərə daxil olan müraciətlərini nəzərdən keçirərək zəruri tədbirlər görürlər. Amma A.Hacızadə indiyə kimi nə qədər Azərbaycan vətəndaşının müraciət etdiyini açıqlamayıb.

İran Azərbaycanla qonşu ölkədir. Koronavirus pandemiyası səbəb göstərilərək 2020-ci ilin yazında Azərbaycanın quru sərhədində qonşu ölkələrlə gediş-gəliş məhdudlaşdırılıb. 2023-cü il mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın başa çatdığını bəyan etsə də, sərhəddə məhdudiyyətlər götürülməyib. Nazirlər Kabineti məhdudiyyətlərin müddətinin uzadılmasını eyni səbəblə izah etsə də, rəsmilər çıxışlarında təhlükəsizlik amillərindən bəhs edirlər. Amma son günlər İranda yaranmış vəziyyətlə bağlı Azərbaycan dövləti xarici vətəndaşların təxliyələri üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradır. Söhbət, əsasən, Rusiya vətəndaşlarından gedir.

İsrail iyunun 13-də İranın nüvə və hərbi obyektlərinə "qabaqlayıcı" zərbələr endirdiyini bildirib. Təl-Əviv xəbərdarlıq edib ki, hücumlar davam edəcək, məqsəd Tehranın nüvə silahı hazırlamasının qarşısını almaqdır.

Rəsmi Tehran da İsrailə cavab verməyə başlayıb. Artiq üç gündür tərəflər qarşılıqlı şəkildə bir-birlərinə zərbələr endirməkdədir. Hər iki tərəfdən itkilər var.