Gürcüstanın baş naziri İrakli Kobaxidze hakimiyyətin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) missiyasını yerli seçkiləri müşahidə etmək üçün dəvət etmək niyyətində olub-olmaması ilə bağlı medianın sualını cavablandırıb. Onun sözlərinə görə, "belə bir təcrübə mövcud deyil". İ.Kobaxidze ATƏT/DTİHB müşahidəçilərinin 2021-ci ildə keçirilən yerli seçkilərə dəvət olunmasını "istisna hal" adlandırıb və əlavə edib ki, o zaman "bu seçkilər bir növ parlament seçkiləri mövzusu ilə bağlı idi".
"Hesab edirik ki, bu halda ATƏT/DİHB-in bizim bələdiyyə seçkilərimizə əlavə yük olması artıqdır, bələdiyyə seçkiləri tamamilə normal şəkildə keçəcək. Bilirsiniz ki, ATƏT/DİHB parlament seçkilərini müşahidə edib və müvafiq nəticəni açıqlayıb, lakin bu nəticə heç kəsi maraqlandırmayıb. Bu gün isə həmin o şəxslər –ATƏT/DİHB-in nəticəsini tamamilə görməzlikdən gələnlər – bizdən ATƏT/DİHB-i dəvət etməyimizi istəyirlər", –Kobaxidze bildirib.
2014-cü ildə Gürcüstanda yerli seçkilər ATƏT/DTİHB-nin müşahidə missiyasının iştirakı olmadan keçirilib. Missiya 2006, 2017 və 2021-ci illərdə yerli seçkiləri müşahidə edib.
İyunun 18-də Böyük Britaniya səfirliyi Gürcüstan hökumətini ATƏT/DTİHB-nin seçki müşahidə missiyasını 2025-ci ilin oktyabrında keçiriləcək bələdiyyə seçkilərini müşahidəyə dəvət etməyə və DTİHB-nin 2024-cü il parlament seçkiləri ilə bağlı yekun hesabatında verdiyi tövsiyələri nəzərə almağa çağırıb.
Gürcüstanda yerli seçkilər 2025-ci il oktyabrın 4-nə təyin edilib.