Kürdəmir rayonunda etiraz aksiyası olub [Video]

Yolu bağlayıblar

İyunun 16-da Kürdəmir rayonunun Sığırlı kəndinin bir qrup sakininin polis zorakılığına etiraz olaraq etiraz aksiyası keçirdiyi deyilir.

Yerli sakinlərin iddiasına görə, onlar qısa müddətə Bakı-Qazax magistral avtomobil yolunu bağlayıblar.

Vurğulandığına görə, aksiya iştirakçıları yol kənarlarında kiçik ticarətlə məşğul olmalarına maneə yaradılmasından, onlardan "haqq" istənməsindən şikayətləniblər. "Rayon icra başçısı və prokuror etirazçılarla görüşüb, məsələnin araşdırılacağı ilə bağlı söz veriblər", - sakinlər söyləyirlər.

Hələlik, yayılan bütün bu məlumatlara, orada yer alan iddialara rayon polis şöbəsi və başqa yerli aidiyyəti rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Daxili İşlər Nazirliyindən (DİN) bildirildiyinə görə, iyunun 16-da polis Kürdəmir rayonu Sığırlı kəndi ərazisində yolun intensiv hərəkət olan hissəsində təhlükəli küçə ticarətinin qarşısını alıb. Nazirlikdən vurğulanıb ki, respublika əhəmiyyətli avtomobil yollarında qanunsuz ticarət fəaliyyəti hərəkətdə olan sürücülərin, sərnişinlərin həyat və sağlamlığı üçün təhlükədir, qəza riskini artırır.